Şərabçılıq - Giriş

Şərabçılıq - Giriş

E-mail Üzvlüyü

Şəkərli məhsulların, əsasən üzüm, meyvə, giləmeyvənin müxtəlif üsullarla əzilməsini, şirə, şərab alınmasını və bu zaman baş verən mürəkkəb texnoloji, kimyəvi, mikrobioloji prosesləri öyrənən elm şərabçılıq adlanır.
İlkin və ikinci şərabçılıq fərqləndirilir. İlkin şərabçılıq üzümün emalı və şərab materialı hazırlanması əməliyyatlarını əhatə edir. İkinci şərabçılıq isə şərab materialının ona səciyyəvi dad, buket, ətir və stabillik verilməsi məqsədilə emalı və yetişdirilməsidir. Bu zaman qabın başının doldurulması, köçürülmə, durultma, filtirasiya, yapışqanlama, kupaj, soyutma, pasterizə və s. əməliyyatlar yerinə yetrilir.

Şərabçılığın böyük xalq təsərrüfatı əhəmiyyəti vardır. Xammaldan şirə və şərabla bərabər üzüm toxumu, enotanin, amin turşular, enant efiri (konyak yağı), heyvandarlıq üçün yem məhsulları və gübrələr, qırmızı üzüm sortlarının cecəsindən qida rəngləyiciləri və s. almaq mümkündür. Şərabçılığın tibbdə insanların sağlamlığının qorunmasında da əhəmiyyəti böyükdür.

Aparılan tədqiqatlar (arxeoloji qazıntılar, yazılı mənbələrin araşdırılması, əsrlərdən qalmış daş heykəllər, tapılmış üzümçülük və şərabçılıq qalıqları və s.) sübut edir ki, üzümçülük və şərabçılığın ilk ocaqları Xəzər, Qara və Aralıq dənizi hövzələrindəki rayonlar olmuşdur. Suriya, Fələstin, Kiçik Asiya, Yunanıstan və Misirdə üzüm, bu ərazilər məskunlaşandan becərilirdi. Yaxın şərqdə üzümün 7-9 min il bundan əvvəl məlum olması göstərilir.

Araşdırmalar Azərbaycanda üzümçülük və şərabçılığın tarixinin 5-7 min il bundan əvvələ gedib çıxdığını göstərir. Antik və erkən orta əsrlərə aid (Qaraçıbulaq, Meynətəpə, Şəkili və s.) abidələr bu dövrdə üzümçülük və şərabçılığın inkişaf etdiyindən xəbər verir. Azərbaycan şərabçılığının inkişafında respublikamıza gəlmiş alman koloniyalarının böyük rolu olmuşdur.

Keçmiş SSRI rəhbərliyi 22 fevral 1979-cu ildə «Azərbaycan SSR-də kənd təsərrüfatı istehsalını daha da ixtisaslaşdırmaq, üzümçülüyü və şərabçılığı inkişaf etdirmək tədbirləri haqqında» qərar qəbul etdi. 1984-cü ildə Azərbaycanda artıq 300 min hektara yaxın üzüm plantasiyası var idi. Üzüm istehsalı və tədarükünə görə Azərbaycan 1984-cü ildə keçmiş İttifaqda birinci yerə çıxaraq, 2 mln tondan çox üzüm istehsal etmişdi. İstehsal olunan üzümün təqribən 30-40%-ni verən Cəlilabad və şamaxı kimi nəhəng üzümçülük, şərabçılıq rayonları yaranmışdı. Üzümçülük və şərabçılıqdan gələn gəlir respublika büdcəsinin formalaşmasında əsaslı rol oynayırdı. Respublikamızda yüksək keyfiyyətli markalı süfrə şərabları – Mədrəsə, Qırmızı Martuni, Sadıllı; portveyn – Ağstafa, Alabaşlı; desert – Kürdəmir, Qara-Çanax, Azərbaycan, Mil, Qarabağ, Şamaxı; oynaq-şampan (turş və kəmturş, kəmşirin, bryut, qızıl kəmturş), Azərbaycan mirvarisi (Jemçujina Azer-baydjana); konyak – şirvan, Azərbaycan, Moskva, Yubiley, Bakı, Gəncə, Göy-göl və s. istehsal olunurdu.

Şərabçılıq - İstehsal zavodları

Şərabçılıq - Xammal

Mənbə:

Hasil Fətəliyev - Şərabın Texnologiyası


Android Proqramı Yüklə

Android proqramı yükləyərək elmi-texnoloji yeniliklərdən məlumat ala, kitabxanadan istifadə edə, video dərsliklərdən yararlana bilərsiniz.

Yüklə

Ən Çox Oxunanlar

1

Kufus Politalamiya

Müəllif: Əlibaba Əliyev
2

Qanın laxtalanması

Müəllif: Xəyal Hüseynov
4

Konyak istehsalının tarixi

Müəllif: Əlibaba Əliyev
5

Bal arıları haqqında 8 məlumat

Müəllif: Əlibaba Əliyev

E-mail Üzvlüyü

E-mail vasitəsilə məlumatlanmaq istəyirsinizsə abunə olmağı unutmayın.

Tövsiyə