Bitkiçilik məhsullarının saxlanılması haqqında ümumi məlumat

Bitkiçilik məhsullarının saxlanılması haqqında ümumi məlumat

Statistik məlumatlara görə respublikamızda ildə adambaşına 71 kq meyvə və tərəvəz istehlak edilir. Dünyanın əksər inkişaf etmiş ölkələrində bu göstərici 190 kq-a çatır. Ekspertlər bunu həmin ölkələrdə kifayət qədər saxlayıcıların olması və əhalinin ilboyu bərabər səviyyədə təmin edilə bilməsi ilə izah edirlər.

Bitkiçilik məhsullarının bir çoxunun yetişmə mövsümü eyni vaxta təsadüf etdiyindən bazarlarda həmin məhsullar üzrə bolluq yaranır. İstehsalçılar məhsulu ya dəyər-dəyməzinə satır, ya da zay edərək atmaq məcburiyyətində qalırlar. Bu gün tərəvəz, meyvə və kartofun səmərəli saxlanması əhalinin həmin məhsullarla təminatının yaxşılaşdırılmasında vacib mənbə olub, bu yolla 15-20% əlavə məhsul əldə etmək olar. Odur ki, tarixən məhsulların saxlanmasının düzgün təşkili üçün əmək sərf edilmiş və müəyyən nəticələr əldə olunmuşdur.

Hazırda bitkiçilik məhsullarının saxlanması üçün ənənəvi (klassik) və müasir üsullardan istifadə olunmaqdadır. Ənənəvi üsullardan quyuda, xəndəkdə, kəpəkdə, qarda, buzda, bandaqda saxlanmanı və s. göstərmək olar. Eyni zamanda anbarlarda və xüsusi təchiz olunmuş soyuducu anbar kompleksləri olan stasionar saxlayıcılarda da məhsul saxlanır.

Bölgələrdə mövcud olan müasir dən saxlayan və emal edən müəssisələr - elevatorlar çox böyük məhsuldarlığa (25-40 min ton və daha çox) malik olub, yalnız iri təsərrüfatların istifadə etməsi üçün əlverişli ola bilər. Bu baxımdan kooperasiya haqqında qanunun qəbul edilməsi müsbət hal kimi dəyərləndirilə bilər. Ənənəvi üsullarla saxlanma zamanı rejimi tənzimləmək olmur, xəstəlik və zərərvericilərlə yoluxma ehtimalı və son nəticədə itkilər çox olur. Müasir saxlanma üsullarında ilk növbədə saxlanma rejiminin tənzimlənməsinə və saxlayıcılar daxilində hermetikliyə nail olunmalıdır (yəni, hava daxil olması və çıxmasını istisna edən şəraitə). Saxlayıcılar daxilində temperatur, nisbi rütubət və havalanma başqa sözlə, saxlanma rejimi tənzimlənməlidir.

Azərbaycanda regionlarin sosial-iqtisadi inkişafına dair qəbul olunmuş Dövlət Proqramlarında emal və saxlanma sahələrinin yaradılması və inkişafı prioritet kimi müəyyən olunmuşdur. Bunun nəticəsidir ki, son illərdə regionlarda onlarla soyuducu anbar tikilmiş və bu işlər indi də davam etdirilməkdədir. Yalnız onu qeyd etmək lazımdır ki, son bir neçə il ərzində Sahibkarlığa Kömək Milli Fondu tərəfindən soyuducu anbar komplekslərinin tikintisinə milyonlarla manat güzəştli kredit ayrılıb. Fondla yanaşı Kənd Təsərrüfatı Nazirliyi yanında «Aqrolizinq» ASC də bu sahəyə xeyli vəsait qoyulmuşdur. Belə ki, ASC tərəfindən 2005-ci ildən bəri dövlət vəsaiti hesabına xaricdən çoxlu sayda soyuducu kamera dəstləri gətirilmişdir. Belə soyuducu-saxlayıcılarda hər məhsula uyğun mikroiqlimin formalaşdırılması və nizamlanan qaz mühitinin yaradılması ilə məhsulun uzun müddətli və keyfiyyətli saxlanması mümkün olur. Lakin təəssüflə qeyd olunmalıdır ki, bu sahədə də bir sıra çatışmazlıqlar vardır. Belə saxlayıcılar artıq MDB ölkələrindən deyil, qərbdən gətirilən avadanlıq və texnologiya ilə işləməlidir. Həmin saxlayıcılarda bəzən saxlanma rejiminin təmin oluna bilməməsi, nizamlanan qaz mühitinə və hermetikliyə nail olunmaması üzündən tonlarla məhsul xarab olub sıradan çıxır. Çox vaxt belə qurğuların qurulması və istismarı üçün mütəxəssislər xaricdən gətirilir.

Ən geniş yayılmış mütərəqqi saxlanma üsul və rejiminə soyuq şəraitdə və nizamlanan qaz mühitində (NQM) saxlama aiddır. Bunların birgə tətbiqi, yəni soyuducularda nizamlanan qaz mühitində saxlanma daha yaxşı nəticə verir. Adətən NQM-də temperatur 0-4 0C, nisbi rütubət 90-95% arasında tənzimlənir. Bu zaman normal (burada O2 qatılığı 11-16%, CO2-5-10%, azotun qatılığı 79%), subnormal (azot 92-97%, O2- 3-5%, CO2-0-5%) mühitlər istifadə olunur. Son vaxtlar NQM-də saxlanmanın daha müasir texnologiyası işlənib hazırlanmışdır. Burada oksigenin ultra aşağı miqdarı ULO (Ultra Low Oxygen) yaradılan mühitdən geniş istifadə olunur.

CO2 ilə şok işlənmə (CO2 Shosk treatment) texnologiyası da mövcuddur. Bu halda saxlanmadan əvvəl meyvələr müəyyən müddət yüksək CO2 atmosferində (30%-ə qədər) təsirə məruz qoyulur. Belə işlənmə yetişməni ləngidir, təzəlik saxlanır, çürümə prosesi ləngiyir və yanıq əmələ gəlməsi azalır.

Məhsulun saxlanmasının müxtəlif üsullarını birləşdirmək iqtisadi baxımdan daha sərfəlidir. İlk 3-4 ay ərzində almanın adi soyuducuda saxlanması məqsədə uyğundur. Realizəyə veriləcək məhsul 3-6 ay normal qaz mühitində müvəffəqiyyətlə saxlanır. Realizəyə çox vaxt qaldıqda məhsulu subnormal qaz mühitində saxlamaq daha səmərəlidir. Meyvə və tərəvəzlər üçün kameranın NQM ilə tutumu soyuducuların ümumi tutumunun 10-20%-ni təşkil edə bilər. Bəzən bütün kameraları NQM ilə saxlamağa imkan verən qurğularla təchiz olunmuş soyuducuların tikilməsi məqsədə uyğun sayılır. Adətən onları iri meyvə-tərəvəz bazalarında tikirlər. Bu kirab, bitkiçilik məhsullarının saxlanması və emalı zamanı keyfiyyətin qiymətləndirilmə metodlarının mənimsənilməsinə, sahə üzrə mövcud olan boşluqların aradan qaldırılması və yeniliklərin aşılanmasına və ümumilikdə müasir səviyyəli mütəxəssislər hazırlığında müəyyən rol oynaya bilər.

Sponsor reklamı

Dil öyrən
Android tətbiq

Android proqramı yükləyərək elmi-texnoloji yeniliklərdən daha tez məlumat ala bilərsiniz.

Yüklə